imgimg

ADA Universiteti və Bank of Baku “Mini-MBA” proqramı uğurla yekunlaşdı

ADA Universiteti və Bank of Baku “Mini-MBA” proqramı uğurla yekunlaşdı

ADA Universiteti ilə Bank of Baku-nun əməkdaşlıq memorandumu çərçivəsində universitetin İxtisasartırma proqramı tərəfindən təşkil edilən “Mini-MBA” Proqramı uğurla başa çatıb. Bu münasibətlə ADA Universitetində oktyabrın 27-də Bank of Baku və universitetin rəhbər heyəti, ekspert heyəti, eləcə də proqram iştirakçıları ilə birgə Məzun Günü keçirilib.

ADA Universiteti tərəfindən xüsusi olaraq hazırlanmış “Mini-MBA” proqramının əsas məqsədi rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə və qərar qəbul etmə, eləcə də liderlik, ünsiyyət və problem həll etmə bacarıqlarını gücləndirməkdir. Dərslər ADA Universitetinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılıb. On moduldan ibarət birillik proqram liderliyin əsasları, strategiya hazırlanması, maliyyə menecmenti, layihə idarəetməsi, marketinq, menecerlər üçün iqtisadiyyat, biznes analitikası, komanda idarəçiliyi və s. kimi mövzuları əhatə edib.

Bank sektorunda ilk dəfə Bank of Baku üçün təşkil edilən proqram çərçivəsində Bank of Baku-nun rəhbər vəzifədə çalışan 30 əməkdaşı tədris alıb.

Tədbirin açılışında çıxış edən ADA Universitetinin prorektoru Elkin Nurməmmədov proqramın nəzəri və praktiki biliklər arasında balanslı yanaşma ilə hazırlandığını, təlimçilərin həm ADA Universitetinin professor-müəllim heyətini, həm də özəl sektoru təmsil edən təcrübəli peşəkarları əhatə etdiyini qeyd edib. O, iştirakçılar arasında maraqlı müzakirələrin aparıldığını, müəllim kimi peşəkar auditoriya qarşısında dərs deməkdən məmnunluq duyduğunu və proqramın işgüzar mühit üçün əhəmiyyətini xüsusi vurğulayıb.

Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev isə öz çıxışında hazırkı dövrdə biznes sahəsində rəqabətlilik yaradan amillərin  yalnız maddi və ölçüləbilən resurslarla kifayətlənmədiyini, insan resurslarının keyfiyyətinin yüksəldilməsinin də biznesə rəqabətədavamlılıq qazandırdığını vurğulayıb. Bu baxımdan proqramda əldə olunan bilgilərin real iş mühitində verəcəyi müsbət nəticə və faydalara inamını ifadə edən Həsən Quliyev, son olaraq ADA Universiteti ilə müxtəlif inkişaf imkanlarının yaradılması istiqamətində əməkdaşlığın davamlı olacağına dair fikirlərini bildirib.

Return to list