Fəaliyyətində “Təbiətə Yaxın Bankçılıq” şüarına da xüsusi əhəmiyyət verən Bank of Baku növbəti ağacəkmə aksiyasına öz dəstəyini göstərib.
25 aprel tarixində Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən aksiyada Bank of Baku-nun rəhbər şəxsləri və əməkdaşları iştirak edib. Aksiya müddətində 50 hektar ərazidə müvafiq ərazinin torpaq-iqlim şəraitinə uyğun eldar şamı və zeytun ağacları əkilib. Eyni zamanda, ağacların suvarılması üçün damcı suvarma sistemi quraşdırılıb.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə başladılmış ağacəkmə aksiyasının əsas hədəfi 2023-cü ildən başlayaraq 10 il ərzindən 1 milyon ağacın əkilməsinə nail olmaqdır.
Sözügedən aksiya “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilib. Memorandum 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanıb.
Onu da bildirək ki, Bank of Baku ölkənin aparıcı banklarından biri olaraq “Təbiətə Yaxın Bankçılıq” şüarı ilə ətraf mühitin, yaşıllıqların mühafizəsinə yönəlik tədbirləri daima həyata keçirir və fəaliyyətinin bu istiqamətinə xüsusi diqqətlə yanaşır.