NFC Pay mobil ödəniş xidmətlərində “Bank of Baku” ASC-nin bank kartlarından

İSTİFADƏ ŞƏRTLƏRİ

Bu Şərtlər mobil pul kisəsini dəstəkləyən hər hansı bir mobil cihazda mobil pul kisəsinə “Bank of Baku” ASC-yə (“biz” və ya “Bank”) məxsus ödəniş kartı əlavə etdikdə, əlavə etməyə cəhd etdikdə və ya saxladıqda tətbiq edilir. Bu Şərtlər mobil pul kisəsi xidməti vasitəsilə müvafiq debet və ya kredit kartı hesabınızdan istifadə ilə əlaqədar sizinlə Bank arasında olan hüquqi razılaşmanı ehtiva edir. Bu Şərtlər daxilində “siz”, “sizin” və ya “istifadəçi” terminləri ödəniş kartında adı yazılan kart sahibini və ya kartdan istifadə etmək hüququ olan şəxsi bildirir.

Mobil pul kisəsi xidməti yalnız mobil ödəniş xidmətinin təchizatçısı tərəfindən təklif olunan və mobil ödəniş xidmətinin təchizatçısı tərəfindən uyğun hesab edilən cihazlardan istifadəni nəzərdə tutan xidmətdir. Bank sizin mobil pul kisənizə sahib deyil, idarə etmir və ya ona nəzarət etmir və mobil ödəniş xidməti təchizatçınız və ya mobil pul kisənizdə maraqlı hər hansı üçüncü bir şəxs tərəfindən sizə təqdim olunan hər hansı xidmətə görə məsuliyyət daşımır. Bank mobil ödəniş xidməti təchizatçınız və ya mobil pul kisəsi xidməti ilə əlaqədar hər hansı digər üçüncü şəxslər tərəfindən sizə təqdim olunan hər hansı məlumat və ya digər xidmətlərə görə, habelə mobil pul kisəsi xidmətinin hər hansı şəkildə işləməməsinə və ya işinə görə məsuliyyət daşımır. Siz açıq şəkildə qəbul edir və razılaşırsınız ki, mobil pul kisəsi vasitəsilə hər hansı ödəniş kartının istifadəsinə görə yeganə risk sizin üzərinizdədir. Başa düşürsünüz ki, mobil pul kisəsi xidmətindən istifadəniz həm də mobil pul kisəsi və ya digər tərəflərin müqavilələrinə və ya istifadə şərtlərinə tabe olacaq. Mobil pul kisəsi mobil ödəniş xidmətinin təchizatçısının qeydə alınmış ticarət nişanıdır.


I Anlayışlar

Bank – “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti / “Bank of Baku” ASC.

Qeydiyyatdan keçmiş kart  – Bank tərəfindən emissiya edilən nağdsız ödənişlərin aləti olan və Müştərinin Xüsusi Kart hesabı üzrə Saxlayıcı tərəfindən əməliyyatların aparılması üçün nəzərdə tutulmuş bank kartı.

Ödəniş kartı - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti.

Kart saxlayıcısı və ya Saxlayıcı – ona məxsus xüsusi kart hesabı üzrə, yaxud belə hesab açılmadan Bank tərəfindən adına kart emissiya edilmiş fiziki şəxs.

Kart istifadəçisi – kart sahibi və ya kartdan istifadə etmək hüququ olan şəxs.

Mobil pul kisəsi – İOS, Android və ya digər əməliyyat sistemli smartfonlar üçün (əgər proqram bunu dəstəkləyirsə) Bank tərəfindən buraxılmış kartları qeydiyyata almaq imkanı verən Mobil Proqram.

Mobil cihaz – fərdi istifadə üçün nəzərdə tutulmuş portativ elektron cihaz (noutbuk, planşet, smartfonlar və sair).

Mobil ödəniş xidmətlərinin təchizatçısı - Bank ilə müqavilə əsasında Saxlayıcıların istifadəsi üçün mobil ödəniş xidmətlərini təqdim edən hüquqi şəxs, o cümlədən xarici təşkilat.

Avtorizasiya – kartdan (kartın rekvizitlərindən) istifadə etməklə əməliyyatın aparılması üçün Bank tərəfindən verilən icazə.

Autentifikasiya – kart istifadəçisinin kimliyini və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin etibarlığını yoxlamağa imkan verən prosedur.

Token – Mobil pul kisəsi vasitəsilə əldə edilə bilən kart nömrəsi (orijinal kart nömrəsindən başqa). Kart ödəniş tətbiqində qeydiyyata alındıqdan sonra ödəniş sistemi tərəfindən yaradılan və şifrələnmiş formada qurğuda saxlanılan kartın rəqəmsal təsviri.

NFC – qısa diapazonlu yüksək tezlikli simsiz rabitə texnologiyası.


II NFC ödənişində kartlardan istifadə

Siz NFC dəstəkləyən mobil cihazlarınız vasitəsilə Dostbank tətbiqimizdə ödənişləri aparmaq üçün kartınızı əlavə edə və (i) təmassız ödəniş aparılması mümkün olan satış nöqtələrində və (ii) NFC ödənişləri dəstəkləyən tətbiq və vebsaytlarda ödənişlər etmək üçün kartınızın rəqəmsal versiyasından istifadə edə bilərsiniz.

Əlavə edilmiş kartı seçərək və mobil cihazınızı təmassız kassa aparatına yaxınlaşdıraraq və ya kartınızdan tətbiqdə və ya vebsaytda alış-veriş etmək üçün istifadə etdiyiniz zaman siz ödənişin aparılması üçün icazə vermiş hesab olunursunuz.

Kart hesabının açılması zamanı sizə təqdim edilən və vaxtaşırı dəyişdirilən Ödəniş Kartınızın istifadə şərtləri mobil pul kisəsi xidmətindən istifadə edib-etməməyinizdən asılı olmayaraq tam qüvvədə qalır. Qeyri-müəyyənliyin qarşısını almaq üçün mobil pul kisəsi xidmətindən istifadə edərək qeydiyyatdan keçmiş Bank of Baku Ödəniş Kartınızla etdiyiniz hər hansı əməliyyat, əməliyyatı həyata keçirmək üçün Ödəniş Kartınızdan şəxsən istifadə etdiyiniz kimi hesab ediləcək və bütün müvafiq komissiyalar və faizlər bizimlə kart hesabı müqavilənizin şərtlərinə uyğun olaraq tətbiq olunacaq.


III Uyğunluq

Mobil pul kisəsi xidməti daxilində ödəniş kartınızdan istifadə etməyinizə icazə verməyimiz üçün ödəniş kartınız və onunla əlaqələndirilmiş hesabınızda borc olmamalı və hər hansı məhdudiyyətlər, simsiz xidmət provayderiniz və/və ya mobil pul kisəsi ilə əlaqəli hər hansı üçüncü şəxs tərəfindən mobil pul kisəsindən istifadə hüququnuz məhdudlaşdırılmamalıdır.


IV Cihazın uyğunluğu

Bu xidmətdən istifadə etmək üçün uyğun cihazınız olmalıdır. Mobil ödəniş xidmətinin təchizatçısı öz mülahizəsinə əsasən hansı mobil cihazların mobil pul kisəsi xidməti ilə istifadəyə uyğun olub-olmadığına qərar verir.


V Xidmət haqları

Hazırda mobil pul kisəsi xidmətlərində ödəniş kartından istifadə etməyinizə görə xidmət haqqı hesablanmır. Buna baxmayaraq, mobil ödəniş xidmətinin təchizatçısı və ya mobil pul kisəsi xidmətlərini dəstəkləyən hər hansı digər üçüncü tərəf kartdan istifadənizə təsir edə biləcək rüsumlar, limit və məhdudiyyətlər tətbiq edə bilər. Bütün bu kimi ödənişlərə görə məsuliyyət daşımağa və bu limit və məhdudiyyətlərə əməl etməyə razılaşırsınız.

VI Ödəniş Kartından istifadənin dayandırılması

Biz mobil pul kisəsi xidməti daxilində ödəniş kartınızdan istifadənizi məhdudlaşdıra, dayandıra və ya kartınızı bloklaşdıra və ya ləğv edə bilərik. Biz bu hərəkətləri istənilən vaxt və hər hansı səbəbdən, məsələn, ödəniş kartınızla bağlı fırıldaqçılıq şübhəsi olduqda, mobil cihaz(lar)ınız istifadənizdən çıxdıqda (itirildikdə, oğurlandıqda və sair) və ya müvafiq qanunvericiliyə dəyişiklik olduqda edə bilərik.


VII Məxfilik

Siz mobil pul kisəsi xidmətindəki ödəniş kartınızdan istifadənizlə bağlı əlavə etdiyiniz hər hansı məlumatı bizim toplaya, ötürə, saxlaya və istifadə edə biləcəyimizlə razılaşırsınız. Bu məlumatların ötürülməsi, saxlanması və istifadəsi ödəniş kartınıza və ya onunla əlaqələndirilmiş hesabınıza tətbiq edilən mobil ödəniş sistemi təchizatçısının məxfilik siyasəti ilə tənzimlənir. Siz qəbul edirsiniz ki, mobil ödəniş sistemi təchizatçısı və ödəniş sistemləri kimi istənilən 3-cü şəxslər sizin mobil pul kisəsi xidmətindən istifadə etməklə ödəniş kartı ilə edilən tranzaksiyalarınızla bağlı müəyyən məlumatlara çıxış əldə edə bilər. Mobil pul kisəsi xidməti ilə bağlı verilən və ya onlar tərəfindən saxlanılan məlumatların Bankın nəzarətindən kənar olduğunu qəbul edirsiniz və bununla razısınız. Mobil pul kisəsinə və ya hər hansı digər üçüncü tərəfə açıqladığınız istənilən məlumat yalnız mobil ödəniş sistemi təchizatçısı və ya sözügedən hər hansı digər üçüncü tərəflərin təhlükəsizlik siyasətinə tabedir və Bankın ödəniş kartınıza və ya onunla əlaqələndirilmiş hesabınıza tətbiq olunan məxfilik siyasəti ilə deyil, onların müvafiq məxfilik siyasətləri ilə tənzimlənir.


VIII Təhlükəsizlik

Mobil pul kisənizin ID-sinin, parollarının, mobil cihaz parollarının və cihaz(lar)ınızda mobil pul kisənizə təhlükəsiz şəkildə daxil olmaq üçün istifadə edə biləcəyiniz hər hansı digər vasitələrin məxfiliyinin qorunmasına görə yalnız siz məsuliyyət daşıyırsınız. Bu qeydiyyat məlumatlarını hər hansı şəxslə paylaşacağınız təqdirdə, həmin şəxs alış-veriş etmək və ya mobil pul kisəsi xidməti vasitəsilə təqdim olunan şəxsi və ödəniş məlumatlarınıza giriş əldə etmək üçün mobil pul kisənizdən istifadə edə bilər. Bu şərtləri imzalamaqla siz mobil cihaz(lar)ınızı hər zaman qorumağa razı olduğunuzu bildirirsiniz.


IX Təzminat

Siz Bankı mobil pul kisəsi xidmətindən istifadənizdən, hər hansı bir səhlənkarlıqdan və ya qəsdli hərəkət və ya hərəkətsizlikdən və/və ya bu Müqavilənin Şərtlərinin hər hansı şəkildə pozulmasından qaynaqlanan bütün iddia, məhkəmə işi, zərər, məsuliyyət, xərc və məsrəflərdən qorumağa və təzminat ödəməyə razılaşırsınız. Həmçinin bu bəndin Müqaviləyə istənilən əsasla xitam verildikdən sonra da qüvvədə qalacağını qəbul edir və bununla razılaşırsınız.


X Xitam və ya dəyişiklik

Biz öz mülahizəmizə əsasən və istənilən vaxt bu Xidməti və ya mobil pul kisəsi üçün kartınıza girişi birtərəfli qaydada dayandırmaq və ya ləğv etmək və yaxud Bankın mobil pul kisəsi ilə bağlı şərtlərinin hər hansı birini birtərəfli qaydada ləğv etmək, əlavələr etmək, silmək və ya dəyişdirmək hüququnu özümüzdə saxlayırıq. Qanunvericiliyin tələblərinə müvafiq olaraq hər hansı bu kimi xitam və ya dəyişiklik barədə sizə bildiriş təqdim ediləcəkdir. Xidmətdən davamlı istifadəniz Şərtlərdəki hər hansı dəyişikliyi qəbul etdiyinizi və onlarla razılaşdığınızı bildirir.


XI Öhdəlikləriniz

Ödəniş Kartının mobil pul kisəsinə daxil edilməsi. Mobil pul kisəsinə Ödəniş Kartı əlavə etmək istədiyiniz təqdirdə, mobil pul kisəsi üçün qəbul edilmiş prosedurlara və bizim tərəfimizdən qəbul edilən əlavə prosedurlara əməl etməyə razılaşırsınız. Ödəniş Kartını təsdiq edə bilmədiyimiz və ya Ödəniş Kartı ilə bağlı saxtakarlığın olması ilə bağlı əsaslı şübhələrimiz olduğu halda, Ödəniş Kartını mobil pul kisəsinə əlavə edə bilməyəcəyik. Mobil pul kisəsi əlavə edilmiş ödəniş kartı ilə mobil pul kisəsinin qəbul edildiyi istənilən yerdə alış-veriş etməyinizə imkan verir. Mobil pul kisəsi Ödəniş Kartınızın qəbul edildiyi bütün yerlərdə qəbul olunmaya bilər.


XII MÜBAHİSƏLƏRİN HƏLLİ

Bu Şərtlərin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr mübahisənin məhkəmədənqabaq həlli (pretenziya) qaydalarına riayət edilməsi vasitəsilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələrində həll ediləcəkdir. Bu bəndin tələblərinə əsasən pretenziya vermiş tərəf pretenziyada göstərilən müddətdə digər tərəfin cavabını almadıqda və ya aldığı cavabla razılaşmadıqda məhkəməyə müraciət edə bilər.

Bu Şərtlər ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.


XIII Əlaqə

Bu Şərtlərlə bağlı hər hansı suallarınız, fikirləriniz və ya şikayətləriniz varsa, shikayet@bankofbaku.com ünvanına yazmaqla və ya 145 nömrəsinə zəng etməklə bizimlə əlaqə saxlaya bilərsiniz.