Bank of Baku

Bu səhifədəsiniz: Bank of Baku haqqinda İnsan Resursları Etik davranış məcəlləsi

Etik davranış məcəlləsi

Etik Davranış Məcəlləsində əks olunan məqamlardan Bankımızın işgüzar nüfuzu birbaşa asılıdır. Bankın reputasiyası isə olduqca qiymətli bir aktivdir və hər birimiz onun keşiyində durmalıyıq. Bizim işimiz inam üzərində qurulub. İnamı qazanmaq çətin, itirmək isə çox asandır. Eyni zamanda, Bankımızın reputasiyası bizə yalnız müştərilərin cəlb edilməsi üçün deyil, həmçinin hər birimizin bu Bankın bir üzvü olmaqdan qürur duymağımız üçün vacibdir. Etik Davranış Məcəlləsi Bankın bütün işçilərinə aiddir.

Bankın korporativ dəyərləri

İşə sədaqət, korporativlik: Biz ümumi işə sadiqik və Bankın Missiyasını yerinə yetirməyə çalışırıq. Biz Bankda korporativ ruhun güclənməsinə səy göstəririk.

Qanunçuluq: Biz Azərbaycan Respublikası Qanunvericiliyinə, o cümlədən, bank sirrinin qorunmasına, beynəlxalq hüququn hamı tərəfindən tanınan prinsip və normalarına, bu Məcəllənin müddəalarına, Bankın digər daxili sənədlərinə, həmçinin işgüzar dövriyyənin qayda və adətlərinə şərtsiz əməl edirik.

Ədalətlilik: Biz hər bir hərəkətimizdə ədalətli olmağa çalışırıq.

Şəxsiyyətin şərəf və ləyaqətinə hörmət: İrqindən, milliyyətindən, cinsindən, dini mənsubiyyətindən, yaşından və s. asılı olmayaraq, biz insanın hüquq və azadlıqlarına hörmətlə yanaşırıq. Onların müdafiəsinin və onlara riayət edilməsinin bizim üçün mühüm dəyəri var.

Peşəkarlıq, yenilikçilik: Biz öz işimizi vicdanla, vaxtında və keyfiyyətlə görürük. Biz daim özünü təkmilləşdirməyə, yeniliyə can atırıq.

Şəffaflıq: Biz əməkdaşlar, səhmdarlar, müştərilər, dövlət orqanları və ictimaiyyətlə münasibətdə şəffaflıq siyasətinə sadiqik. Biz bank, dövlət və kommersiya sirrini təşkil etməyən, həmçinin işçilərə aid olmayan bütün digər məlumatları maraqlı tərəflərə təqdim etməyə hazırıq.

Təhlükəsizlik: Biz müştərilərin Bankdakı vəsaitlərinin təhlükəsizliyini təmin edirik, üçüncü şəxslər tərəfindən səhmdarlara, müştərilərə, Bankın əmkdaşlarına və dövlətə qarşı yönələn istənilən hüquqa zidd əməllərin qarşısının alınması üçün imkanımız daxilində bütün zəruri tədbirləri görürük.

Məsuliyyət: Biz səhmdarlar qarşısında - fəaliyyətimizin nəticəsinə görə, müştərilər qarşısında - xidmətin keyfiyyətinə görə, biznes tərəfdaşlarımız qarşısında - öhdəliklərimizin yerinə yetirilməsinə görə, ictimaiyyət və dövlət qarşısında – şəxsiyyətə, onun hüquq və azadlıqlarına hörmətə, həmçinin dövlət qarşısında öhdəliklərimizə görə cavabdehik.

Bankın əmlakının qorunması

Əməkdaşlar onların ixtiyarında olan Bankın maddi və qeyri-maddi aktivlərinin (pul vəsaitlərinin, qiymətli kağızların, biznes-planların, müştərilər haqqında məlumatın, əqli mülkiyyətin, avadanlıqların və s.) qorunmasına görə məsuliyyət daşıyırlar. Bankın əmlakı yalnız Bankın məqsədləri üçün və daxili qaydalara zidd olmayaraq istifadə edilməlidir. Əməkdaşların Bankda əmək funksiyalarını yerinə yetirərkən etdikləri ixtiralar, təkmilləşdirmələr və digər intellektual sərvətlər Bankın mülkiyyəti sayılır.

Sənədləşmə və hesabatların dəqiqliyi

Əməkdaşlar hazırladıqları hesabat, digər sənəd və məlumatların dəqiq və dolğun olmasına görə şəxsi məsuliyyət daşıyırlar. Maliyyə hesabatlığı qanunvericilik və daxili qaydalara uyğun olaraq aparılmalıdır. Əməkdaşlar ixtiyarlarında olan məlumatların məxfi saxlanılmasını təmin etməlidirlər, eyni zamanda, daxili və xarici auditorlarla tam əməkdaşlıq etməli, onlara dəqiq məlumat təqdim etməli, onların xahişi ilə onlar tərəfindən sənəd və məlumatların məhdudiyyətsiz əldə edilməsini (hüquqi tələblərə və daxili qaydalara müvafiq olaraq) təmin etməlidirlər. Hər hansı pozuntu ilə bağlı sənədlərin məhv edilməsi yolverilməzdir (bu barədə ən azı sahə rəhbəri qərar verə bilər).

Əmək şəraiti və işçilər arasındakı münasibətlər

Bank əmək qanunvericiliyinə riayət etməklə yanaşı işçilərin əmək şəraitini daha da yaxşılaşdırmağa çalışır. Eyni zamanda işçilər təhlükəsizlik qaydalarına riayət etməli, özlərinin və iş yoldaşlarının səhhətini təhlükə altına qoymamalıdırlar.

Müştəri və digər tərəflərlə münasibətlər

Bank müştəri, təchizatçı və rəqiblərlə öz münasibətlərini ədalət və vicdan prinsipləri əsasında qurur. Vəzifədən sui-istifadə, məlumatlarla manipulyasiya etməklə və digər ədalətsiz addımlar hesabına heç kimə üstün şətlər tətbiq edilə bilməz. Effektivliyin təmin edilməsi üçün Bank təchizatçıların (mal və xidmətlər üzrə) seçimində yalnız bazar iqtisadiyyatı prinsiplərini rəhbər tutur (qiymət, keyfiyyət, sürət və s.).

Məbləğindən asılı olmayaraq Bankla bağlı biznes-qərarın qəbul edilməsinə ciddi təsir göstərə bilən (o cümlədən, hansısa hərəkət/hərəkətsizliyin müqabilində verilən) hər hansı formada maddi və ya qeyri-maddi hədiyyənin (hədiyyənin, ödənişin, mükafatın, xüsusi münasibətin/proteksiyanın, endirimin, şam yeməyinin və s.) birbaşa və ya dolayısı yolla tələb edilməsi, qəbulu və ya verilməsi qadağandır. Məqsədindən və məbləğindən asılı olmayaraq nağd pul və ya digər qiymətlilər şəklində hədiyyələrin tələb edilməsi, qəbulu və ya verilməsi qadağandır.

Bank siyasi fəaliyyətdə iştirak etmir və siyasətə hər hansı formada sərmayə qoymur. Bununla belə Bank işçilərin qanun çərçivəsində və Bankın daxili qaydalarına zidd olmamaq, həmçinin öz sahə rəhbərini bu barədə qabaqcadan məlumatlandırmaq şərtilə siyasətlə məşğul olmaq hüququnu tanıyır. Lakin belə halda bir sıra şərtlərə riayət olunmalıdır. Bu məqsədlə Bankın vaxtından və mülkiyyətindən istifadə etmək yolverilməzdir. Siyasi fəaliyyət işçinin işinə mənfi təsir göstərməməlidir. Hər bir zaman işçi aydın şəkildə nümayiş etdirməlidir ki, siyasi mövqe və fikirləri şəxsən özünə aiddir və Banka heç bir aidiyyatı yoxdur.

Bank sirrinin, xidməti və digər məxfi məlumatların qorunması: Bankda işlədiyi dövr ərzində və işdən çıxandan sonra Bankdakı əmək fəaliyyəti dövründə əldə etdiyi bütün açıq mənbələrdə elan edilməyən məlumatların məxfiliyini işçi qorumalıdır. İstisnalar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda edilə bilər. Bank sirrinə, xidməti və digər məxfi məlumatlara Bank tərəfindən əvvəllər açıqlanmayan məlumatlar aiddir, məsələn: Bankın müştəriləri, əməliyyatları, strategiyası, biznes-planı, daxili normativ və digər aktları, layihələri (o cümlədən, yeni məhsullara dair), əməkdaşları (o cümlədən, əmək müqaviləsinin şərtləri), təchizatçıları, təhlükəsizlik sistemləri və s. haqqında məlumatlar.

Müştərilərin bizə olan etimadı bizim əsas sərvətimizdir. Ona görə də müştərilər haqqında məlumatların məxfi saxlanması, onlardan yalnız qanunvericiliyə və daxili qaydalara uyğun istifadə edilməsi bütün əməkdaşların ali vəzifələrindəndir.

Bank əməkdaşlara aid şəxsi məlumatların məxfiliyini qoruyur, onlardan istifadəni müvafiq strukturlar çərçivəsində məhdudlaşdırır və onlardan yalnız qanunvericilik və daxili qaydalarda nəzərdə tutulmuş məqsədlə istifadə edilməsini təmin edir.

Maraqların toqquşması: Bankın əməkdaşı kimi işçi ona olan etibara kölgə gətirə biləcək hər hansı addımdan çəkinməli və şəxsi maraqlarıyla Bankın maraqları arasındakı toqquşmalara yol verməməlidir. Bank daxilində və ya xaricində, Bankın maraqları ilə konfliktə girən, onun məxfiliyinə, adına, ticarət markasına, əlaqələrinə və digər əmlakına xələl gətirən hərəkətlərdən daşınmalıdır. Bankda tutduğu mövqedən sui-istifadə etməməli, o cümlədən, işlədiyi zaman əldə etdiyi məlumatları öz şəxsi mənafelərinə uyğun istifadə etməməli.
Bankda atacağınız addım bu və ya diğər şəkildə şəxsi maraqlarınıza, Bankdankənar atacağınız addım bu və ya diğər şəkildə Bankın maraqlarına toxunursa, bu barədə qərardan əvvəl rəhbərinizə məlumat verməlisiz.

İnsayder məlumatlarından istifadə edilməklə və ya Bankla əlaqəli tərəflərlə aparılan əməliyyatlar.
Əgər sizin ixtiyarınıza insayder məlumatı düşübsə (Bankın və ya hansısa digər şırkətin açıq elan etmədiyi və əməliyyatın keçirilməsi üçün vacib olan məlumat) siz bu məlumatdan şəxsi mənafeyiniz üçün istifadə etməkdən çəkinməlisiz. Siz eləcə də belə məlumatları digər şəxslərə ötürməli deyilsiz ki, başqa şəxslər də onlardan əməliyyatların keçirilməsi üçün istifadə etməsinlər. Əgər siz Bankın təchizatçısı, müştərisi və digər tərəfdaşı ilə danışıqların aparılmasına cəlb edilmisinizsə, belə tərəflərlə öz hesabınıza apardığınız əməliyyatlardan çəkinməlisiz və üçüncu tərəflərə də sizə məlum olan informasiyanı ötürməməlisiz.

Qohumların Banka işə götürülməsi
Bank qohumların işə götürülməsində ehtiyatlı siyasət yürüdür. Qohumların bankda işləməsi qadağan deyil, lakin bu halda qohumlardan biri elə bir vəzifə tutmamalıdır ki, onun digər qohumunun işə qəbul edilməsinə, ona nəzarət edilməsinə, onun əmək müqaviləsinin müddəa və şərtlərinə və ya onun idarə olunmasına təsir göstərmək imkanı olmuş olsun. Bundan əlavə, Bank bu halda sövdələşmə nəticəsində yarana biləcək digər riskləri də nəzərə alır.

Bankdankənar iş
Bankın maraqları ilə toqquşma ehtimalının böyük olmasını nəzərə alaraq Bankdankənar kommersiya (yəni bu və ya digər şəkildə xeyir güdülən) fəaliyyətilə məşğul olmaq üçün siz Bankdan razılıq almalısınız. Əgər işə qəbul ediləndə belə fəaliyyətiniz mövcud idisə, bu barədə məlumat verməli və belə fəaliyyəti davam etdirmək üçün eyni qayda ilə icazə almalısınız.
Əgər kommersiya fəaliyyətiniz Bankla şəxsi maraqların toqquşmasına gətirib çıxarmırsa (məsələn, rəqib təşkilatlar və ya müştəri/tərəfdaşlarla işbirliyi qurulmursa), bankın imicinə mənfi təsir göstərmirsə və həmin əməkdaşın işindən rəhbərlikdə razılıq varsa (məsələn, diqqəti yayınmır, yorğunluq ucbatından iş əmsalı aşağı deyil) belə müraciətlər müsbət qarşılana bilər.


Etik Davranış Məcəlləsi üzrə əsas tələblərin qısa xülasəsi

  • Bankın əmlakından düzgün istifadə etmək və onu qorumaq
  • Sənədləşmə, hesabatlarda dəqiq olmaq
  • İş yoldaşları ilə hörmətlə və ləyaqətlə davranmaq
  • Qanunvericilik və Bankın daxili qaydalarını anlamaq və onlara riayət etmək
  • İşi peşəkar səviyyədə görmək
  • Bankın nüfuzunu qorumaq və gücləndirmək
  • Rüşvət almamaq
  • Etik normalarda nümunə olmaq
  • Bank sirrini təşkil edən, həmçinin xidməti və digər məxfi məlumatları açıqlamamaq
  • Bankla işçinin maraqlarının toqquşmasına yol verməmək, belə təhlükə olduğu halda məlumat vermək
  • Çirkli pulların yuyulmasına, həmçinin terrorizm və cinayətkarlığa hər hansı şəkildə dəstək verməmək
  • Əməkdaşın şəxsi maliyyə işlərini Bankdaxili təlimatlara uyğun aparmaq
Son yenilənmə 01.11.2010 10:07